Kiçik Vedi
Kiçik Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 15 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən «kiçik» sözü ilə ərəb dilində «çöl, səhra», «məkan, yer»
mənasında işlənən "vadi" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında
rəsmiləşdirilmişdir.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə
971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı
yaşamışdır.
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918-1919-cu illərdə Türkiyənin Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256
nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni
yaşamışdır.